“Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və “Education HUB” tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver (Gənclərin İnkişaf yolu)” layihəsinin iştirakçıları Ismayıllının Təzəkənd kəndində həssas təbəqədən olan uşaqlar üçün Lakeside Garden - Ismayillida ART Terapiya məşğələləri təşkil ediblər. Məşğələ iştirakçıları Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ismayıllı Nümayəndəliyi ilə birlikdə Təzəkənd məktəbinin divarlarını qızların təhsilə cəlb olunması və valideynlərin dəstəyini təşviq edən mural – divar rəsmini çəkiblər.

 “Yarat, inkişaf et, töhfə ver” layihənin məqsədi incəsənət vasitələrindən istifadə etməklə gənclərin icmalarda fəaliyyətini artırmaq, yeni bilik və bacarıqlar aşılamaq, yaradıcı və innovativ sosial təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək, onları gələcəkdə sosial layihələrin idarəçiliyinə hazırlamaq olmuşdur.

Layihə Avropa İttifaqının (Delegation of the European Union to Azerbaijan) maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Unicef Azerbaijan və Azərbaycan Respublikası Gənclər Fondunun tərəfdaşlığı ilə Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən həyata keçirilib.