“LOVE by veganazer” mağazasının təsisçisi Vusalə xanım belə düşünür.  Gəncədə böyüyən Vüsalə orta məktəbi bitirdikdən sonra ali təhsil almaq üçün Bakıya gəlir. Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Xüsusi istedadlar qrupundan məzun olduqdan sonra MBA üzrə magistratura təhsilini İsveçrədə davam etdirir. Təhsilini bitirib Bakıya qayıtdıqdan sonra xarici bir şirkətin marketinq şöbəsində çalışmağa başlayan Vüsalə səkkiz il yarım həmin şirkətdə fəaliyyət göstərir. Lakin, uşaqlıqdan heyvanlara olan xüsusi sevgisi onu çox sevdiyi iş yerindən ayrılıb hazırkı veqan biznesini qurmağa sövq edir.

Əslində Vüsalənin veqanlığa olan marağı xaricdə təhsil aldığı müddətdə orada tanış olduğu bir peskatarian qadının qida vərdişi haqqında öyrənməsindən sonra başlayır. Onsuz da heyvanlara böyük sevgisi olan Vüsalə tanışının ətdən imtina səbəbinin heyvandarlıq təsərrüfatlarında istifadə edilən üsullar olduğunu öyrəndikdən sonra araşdırma etməyə başlayır. Müxtəlif qərb mənbələrindən vegetarianlıq və bənzər trendlər haqda fərqli və bəzən də bir-birinə tamamilə zidd məlumatlarla rastlaşan Vüsalə sonda əslində ət olmadan da sağlam həyat sürə biləcəyi qənaətinə gəlir və vegetarian olmağı seçir. Təbii ki, ilk əvvəllər yaxın çevrəsi bu seçimin onun sağlamlığına zərərli ola biləcəyindən ehtiyat edərək onu fikrindən daşındırmağa çalışır.

Üç il vegetarian həyat tərzi sürdükdən sonra veqan qidalanma tərzinə keçən Vüsalənin ən böyük çətinliyi isə dadlı milli təamlardan və ərzaqlardan imtina etməli olması idi. Paralel olaraq Vüsalə veqan ərzaq məhsullarının əlçatan olmaması səbəbilə ərzaqların tərkibinin araşdırılmasına da xeyli vaxt sərf etməli olurdu. Bütün bu prosesdə Vüsalə həm də müşahidə edir ki, veqan qidalanma tərzi haqda Azərbaycan dilində onlayn məlumat mənbəyi demək olar ki yoxdur.

Bütün bunlar sonda Vüsalənin səkkiz illik iş yerindən ayrılıb özünü və vaxtını tamamilə bu sahəyə həsr etməsinə gətirib çıxardı. Nəticə olaraq Azərbaycan dilində veqan həyat tərzi ilə bağlı ilk bloq səhifəsi yaranır. Bu səhifədə oxuculara veqanlıqla bağlı faydalı bilgilər verilir, hansı veqan məhsulun haradan alına biləcəyi haqda məlumatlar yerləşdirilir, həmçinin ekoloji həssaslığı olan insanlara təkrar emal və s. haqda tövsiyə xarakterli məzmun təqdim edilir. Vüsalə həm də bu platforma vasitəsilə veqanlıq və vegetarianlıqla maraqlanan gənclərə fərdi şəkildə dəstək olur, öz hekayəsi ilə onları ruhlandırır.

Bu məqama  qədər Vüsalə sanki, kiminsə veqan məhsullara olan tələbatı görüb, bu məhsulların bir arada satıldığı bir məkan açacağını gözləyirdi.  Lakin, ətrafdan gələn çoxsaylı istək və maraq nəticəsində Vüsalə o şəxsin elə özü olduğu qənaətinə gəlir və dükan açılması üçün hazırlıqlara başlayır.

COVİD-19  ilə bağlı bu prosesdə müəyyən ləngimələr yaşansa da, xarici tədarükçülərin işlərində durğunluq olmasına baxmayaraq Vüsalə inadla veqan mağazasını açmağa nail olur. Artıq bu ilin aprel ayından Bakıda ilk veqan dükanı fəaliyyətə başlayır. Çatışmayan veqan qatıq, veqan pendir kimi ərzaqları isə Vüsalə özü şəxsən hazırlayaraq alıcılara təqdim edir.

Vüsalənin vegan dükanının fərqi və üstünlüyü həm də ondadır ki, bu mağaza təkcə veqan məhsulların satışını təşkil etmir, o, həm də başqa bir sosial hədəfi də özündə birləşdirir. Belə ki, sahibkar xanım mağazada müxtəlif sosial qruplardan olan şəxslərin sosial-ekoloji faydası olan əl işləri və məhsullarının  tamamilə təmənnasız şəkildə satışına dəstək olur. Dükanda qurulmuş iki xüsusi vitrin məhz bu məhsullar üçün ayrılıb.

Vüsalənin təşəbbüsləri bunlarla bitmir. Onun fəaliyyətindəki digər istiqamət artıq mövcud olan qida bizneslərinin veqanlaşdırılmasıdır. Vüsalə bu servisi də tamamlilə təmənnasız edir. Bu məqsədlə o fiziki məhdudiyyətli xanımların “Buta Arts and Sweets” vasitəsilə hazırladığı şirniyyatları veqanlaşdırmağa nail oldu. Bu əməkdaşlığın ən maraqlı nəticələrindən biri ənənəvi Novruz şirniyyatlarının veqan versiyalarının hazırlanması idi. Artıq veqanlar novruz şirniyyatlarını tərkibində yumurta, heyvan mənşəli süd olmadan da hazırlaya biləcəkdilər.

Gənc sahibkar hesab edir ki, bütün bu addımlar, veqan həyat tərzinə keçmək istəyən, lakin sevdiyi ənənəvi təamlardan imtina edə bilməyən insanlar üçün böyük bir töhfədir. İnsanlar bilməlidir ki, əslində heç bir sevimli yeməkdən imtina etmədən, onun veqan variantını əldə edə və ya bilavasitə özləri hazırlaya bilərlər. Vüsalə iddia edir ki, veqan dadlar heç də ənənəvi yeməklərdən geri qalmır, əksinə xəfifliyi ilə daha xoş təsir bağışlayır.

Vüsalə bildirir ki, onun bu biznesə başlamaqdakı əsas məqsədlərindən biri o idi ki, ölkədə veqanizmə və veqan olmaq istəyən gənclərə dəstək olsun və mövcud olan “Azərbaycanda veqan olmaq mümkün deyil” stereotipini qıraraq insanlara əksini isbat edə bilsin.  Digər tərəfdən isə,  sahibkar xanım veqan biznes ideyası olanlara müəyyən qədər ilham olmağı, təbiətə, planetə və ekoloji tarazlığa faydalı olmaqla ayrı-ayrı fərdləri də buna həvəsləndirməyi hədəfləyir.

“Əgər ətrafımızda dəyişiklik görmək istəyiriksə o dəyişikliyi biz özümüz etməliyik” deyə düşünən Vüsalə gələcəkdə əldə etdiyi gəlirin bir qismini sosial əhəmiyyətli digər layihələrə, heyvan sığınacaqları və s. ianə etməyi planlaşdırır.

Arzu İsmayılova, Education HUB

Qeyd: Yazı “Education HUB”-ın Sosial Sahibkarlıq Proqramı çərçivəsində, Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırlanıb və Avropa İttifaqının mövqeyini əks etdirməyə bilər. Məzmun Education HUB-a məxsusdur."

#CivilSocietyFellows
#eapcivilsociety
#EaPFellow2020