14 noyabr 2024-cü il tarixində Education HUB Impakt Azərbaycan təşəbbüs qrupu ilə əməkdaşlıqda Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “Dəyişikliyin gücləndirilməsi: Sosial Sahibkarlıq Davamlı İnkişaf və Korporativ Sosial Məsuliyyətin Katalizatoru kimi” adlı yan tədbirini uğurla keçirdi. QHT Dövlət Dəstəyi Agentliyinin yaşıl zonasında keçirilən tədbir impakt biznes təcrübələri vasitəsilə iqlim və sosial problemlərin həlli üçün innovativ yanaşmaları müzakirə etmək üçün sosial sahibkarlıq, korporativ məsuliyyət və davamlı inkişafda tanınmış qurumları bir araya gətirdi.
Tədbir Education HUB-ın eksperti Samir Əliyevin Azərbaycanın sosial sahibkarlıq ekosistemi və təsir fondlarının yaradılmasına dair təqdimatla başladı. Daha sonra panel müzakirəsi zamanı millət vəkili Vüqar Bayramov iqlim fəaliyyətində sosial sahibkarlığın rolu və qanunvericilik sahəsində nəzərdə tutulan planlar; Amerika Ticarət Palatasının Azərbaycandakı icraçı direktoru Gülnarə Aslanbəylinin təqdim etdiyi Korporativ Sosial Məsuliyyət (KSM) və sosial sahibkarlığın kəsişməsi; Caucasus Ventures investisiya fondunun nümayəndəsi Rəşad Əliyev sosial innovasiyalar vasitəsilə davamlı inkişaf, həmçinin Azərbaycana Birgə yardım qeyri hökumət təşkilatının təsisçisi və direktoru Qvendolin Burçel sosial müəssisələrin dəstəklənməsində vətəndaş cəmiyyətinin rolu haqqında ətraflı olaraq məlumat verdi.
Education HUB-ın Proqram Məsləhətçisi Səidə Qurbanovanın moderatorluğu ilə keçirilən tədbir, müsbət və davamlı dəyişikliklərə nail olmaq üçün sosial sahibkarlığın potensialını vurğulayan, həmçinin auditoriya tərəfindən qaldırılan maraqlı sual-cavab sessiyası ilə yekunlaşıb. Müzakirələr davamlı, sosial məsuliyyətli gələcəyin dəstəklənməsi üçün dövlət, özəl və vətəndaş cəmiyyəti sektorları arasında birgə əməkdaşlığın vacibliyini vurğulayıb.