Education HUB-ın könüllüsü Ədilə Ağayeva Avropa Həmrəylik Korpusu (ESC) proqramı çərçivəsində 9 ay davam edən uzunmüddətli könüllülük fəaliyyətini uğurla başa vurub. Kino tənqidi üzrə magistr təhsilini tamamladıqdan sonra Ədilə şəxsi inkişafını davam etdirmək və mədəniyyətlərarası təcrübə qazanmaq məqsədilə ESC proqramına qoşulub. O, bu müddət ərzində Xorvatiyanın Zaqreb şəhərində yerləşən ev sahibi təşkilatda könüllü kimi fəaliyyət göstərib.

Layihə çərçivəsində onun əsas vəzifələri Roma və digər etnik qruplar haqqında araşdırmalar aparmaq, bu mövzular üzrə məqalələr yazmaq, məktəblərdə maarifləndirici seminarlar keçirmək və komanda ilə birgə müxtəlif ictimai təşəbbüslərdə iştirak etmək olub. Ədilə bu müddətdə tarix və jurnalistika sahəsində həm nəzəri, həm də praktiki biliklər qazanıb, eyni zamanda fərqli mədəniyyətlər arasında əməkdaşlıq bacarığını gücləndirib.

Könüllülük fəaliyyəti ona dünyanın müxtəlif ölkələrindən olan insanlarla tanış olmaq, fərqli dillər və mədəniyyətlərlə ünsiyyət qurmaq imkanı yaradıb. Bu təcrübə onun dünyagörüşünün formalaşmasında və şəxsiyyət kimi inkişafında mühüm rol oynayıb. ESC fəaliyyəti çərçivəsində Ədilə Avropada 7 ölkə və 20-dən çox şəhəri ziyarət edərək həm də səyahət baxımından zəngin təcrübə əldə edib.

Ədilənin fikrincə, Avropa Həmrəylik Korpusu proqramı hər bir gənc üçün fərdi inkişaf və sosial töhfə baxımından əvəzsiz bir fürsətdir. O, bu təcrübəni öyrənməyə açıq, sosial məsuliyyət daşıyan və dəyişiklik yaratmaq istəyən bütün gənclərə tövsiyə edir.