Əlilliyi olan şəxslərə qarşı stiqma və ayrıseçkiliyin azaldılmasına və inklüziv cəmiyyətlərin üstünlüklərinin təbliği məqsədi ilə əlilliklə bağlı mövzuların işıqlandırılmasına dair media kampaniyası başladıldı.

Bu kampaniya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlayan və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilən, BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə həyata keçirdiyi “Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsinin bir hissəsidir.

3-7 aprel 2021-ci il tarixlərində Bakı, Salyan və Masallıdan olan 50 media nümayəndəsi, əlilliyi olan qadın və Dağlıq Qarabağ münaqişəsi veteranları üçün əlilliklə bağlı mövzuların işıqlandırılmasına dair onlayn təlim təşkil edildi. Təlimdə əlilliyin növləri, əlillik problemləri ilə bağlı məlumatların yayımlanmasında medianın rolu, əlilliyə dair beynəlxalq konvensiyalar və qanunvericilik və əlilliyə həssas terminologiya kimi mövzular əhatə olundu. Təlim əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyası üçün daha əlverişli mühit yaratmağa kömək məqsədi ilə Education HUB MMC tərəfindən təşkil edilmişdir.

Qarşıdakı həftələrdə həm əlilliyi olan şəxslər, həm də media nümayəndələri əlilliyə dair televiziya reportajları və məqalələr hazırlamaq üçün peşəkar mentorların rəhbərliyi altında birlikdə çalışacaqlar. Ən yaxşı məhsullar ictimai təqdimat zamanı mükafatlandırılacaqdır.

“Əlilliyi olan qadınların və Dağlıq Qarabağ müharibəsi veteranlarının hüquqlarının və rifahının təmin edilməsi” layihəsi Bakı, Salyan və Masallıda həyata keçirilir. Bu layihə 2019-cu ildə başladıldığı gündən bəri iş və peşə təhsili imkanları yaradaraq və ictimai yerlərin daha əlçatan olmasını təmin edərək Azərbaycanda 2500 əlilliyi olan şəxsin həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək etmişdir.