Müharibələr ancaq şəhərləri və kəndləri dağıtmır. Eyni zamanda insan həyatlarını da darmadağın edir. Education HUB-ın " İcmalar üçün kreativlik" proqramının tərkib hissəsi olan FemDiss təşəbbüsü də məhz müharibələr zamanı olan zorakılıqlardan, bu zorakılıqların qadın qurbanlarından və görünməz uşaqlardan bəhs edən mövzunu gündəmə gətirdi. Fevralın 11-də FemDiss-in növbəti qonağı "Müharibənin unudulmuş uşaqları" assosiyasının prezidenti xanım Ajna Jusiç oldu.

"Müharibə zamanı zorakılıq: Sağ qalanlar və görünməz uşaqlar" adlı vebinarda xanım Jusiç bizə Bosniya və Herzeqovina nümunəsində haqqında çox nadir danışılan, lakin ən çox müdafiəyə ehtiyacı olan qruplardan biri- müharibə təcavüzlərindən doğulan uşaqlar haqqında və asosasiyalarının bu istiqamətdə apardığı fəaliyyətlərdən bəhs edib.

Assosiya, xüsusilə də, Ajna özü görünməz uşaqlardan biri olaraq iştirakçıları imtina edilməyə, görməzdən gəlinməyə, qurban olduqları halda günahkar hiss etdirilməyə qarşı olaraq görülmək, qəbul olunmaq, "müharibədən doğulan uşaqlar" kateqoriyasının hüquqi və sosial tanınması, eyni zamanda, müharibə uşaqlarının və müharibə dövrü təcavüzlərindən sağ qurtula bilən qadınlar üçün təhlükəsiz mühitin yaradılması, onların psixoloji və hüquqi dəstəklə təmin olunması üçün apardıqları mübarizənin detalları ilə tanış edib. Sessiya zamanı sülhü bərqərar edəcəyi missiyası ilə Bosniya və Herzeqovina və ətraf ölkələrə gələn sülhməramlıların törətdikləri ağlasığmaz hərəkətləri ilə bağlı iştirakçıları məlumatlandırıb.