Sosial sahibkarlıq sosial, mədəni və ətraf mühit məsələlərinin çözümünə istiqamətlənmiş iqtisadi fəaliyyət növüdür. Bəzi ədəbiyyatlarda altruistik biznes kimi də hallanan sosial sahibkarlıq icma əsaslı problemlərə yeni həll yolları gətirərək ümumi maraqlara xidmət edir.

Bu fenomen dünyada yeni olmasa da ölkəmizdə yeni hesab oluna bilər. Bununla yanaşı qeyd etmək lazımdır ki, bu adla çağırılmasa belə biznesin bu növü müxtəlif dövrlərdə mövcud olub.

Sosial sahibkarlıq konsepti biznes fəaliyyəti ilə bağlı olsa da onu biznes sahibkarlığından fərqləndirən bir sıra xüsusiyyətlər var. Bunlardan da ən əsası biznesin məqsədidir. Sosial sahibkarlıqda biznesin əsas məqsədi ənənəvi sahibkarlıqdan fərqli olaraq tək mənfəət deyil, sosial missiyadır. Biznes sahibkarları əsasən bazar subyektləri olduğu halda sosial sahibkarlar daha çox vətəndaş cəmiyyətinin subyektləri hesab edilir. Sosial sahibkarlığın uğuru çox zaman əldə edilən gəlirlə deyil, sosial missiyanın nə dərəcədə müvəffəqiyyətlə yerinə yetirilməsi ilə ölçülür.

Maddi gəlir əldə etmək prioritet olmasa da sosial sahibkarlığın məqsədərindən biridir. Lakin, sosial sahibkar əldə olunan gəliri sosial dəyər yaratmaq üçün yenidən investisiya edir. Bununla belə iflas etməmək üçün biznesin əsas prinsiplerinə də riayət edir.

Sosial sahibkarlar sosial problemlərin həllində bir çox innovativ metod və yanaşmalardan istifadə edirlər. Bu xüsusiyyət sosial innovasiya termini ilə bağlıdır. Sosial sahibkarlığın innovativliyi əsasən yeni məhsul və xidmətlər, innovativ istehsal və distribusiya və ya təşkilati modellərdə özünü büruzə verir.

Sosial sahibkarlıqla bağlı əsas məqamlar:

  • Sosial sahibkar təkcə gəlirə deyil, həm də sosial maraqlara və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına fokuslanır;
  • Çevrə-dostu məhsulların istehsalını prioritet hesab edir;
  • Yetərli və keyfiyyətli xidmət ala bilməyən icma nümayəndələrinə keyfiyyətli xidmət təklif edir;
  • Sosial məsələlərin həllində innovativ elementlərə malikdir;
  • Biznesin  bu növü xeyriyyəçilik fəaliyyəti olmasa da bir çox hallarda xeyriyyəçilik elementlərini də özündə birləşdirə bilir.

Sosial sahibkarlar dünyada və cəmiyyətdə sadəcə müsbət dəyişikliklər etmir, onlar həm də bizneslərdə  “xeyriyyəçilik” və “mənfəət”in bir-birini inkar etməyən  və birlikdə mövcud ola biləcək dəyərlər olması mesajını da verməyə çalışırlar.