Dekabrın 12-də Education HUB tərəfindən “Təsir günü” (Impact Day) həyata keçirilib.

“Təsir günü” çərçivəsində Education HUB tərəfindən təşkil olunan 3-cü “Dəyər üçün səhər yeməyi” baş tutub. Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Avropa Vençur Filantropik Assosiasiyası tərəfindən icra olunan “Dəyər üçün əməkdaşlıq” proqramı çərçivəsində təşkil olunub. Proqramın Azərbaycanda rəsmi tərəfdaşı Education HUB-dır.

Görüşün əsas məqsədi dəyər investisiyaları haqda məlumatlandırma və digər ölkələrin bu sahədə təcrübələrinin paylaşılması olub. Dəyər investisiyaları maliyyə gəliri ilə yanaşı, müsbət, ölçülə bilən sosial və ətraf mühitə təsir yaratmaq niyyəti ilə qoyulan investisiyalardır. Dəyər investisiyaları həm inkişaf etməkdə olan, həm də inkişaf etmiş bazarlarda edilə bilər. Artan təsirli investisiya bazarı dayanıqlı kənd təsərrüfatı, bərpa olunan enerji, mühafizə, mikromaliyyə və mənzil, səhiyyə və təhsil də daxil olmaqla əlverişli və əlçatan əsas xidmətlər kimi sektorlarda dünyanın ən aktual problemlərini həll etmək üçün kapital təmin edir.

Tədbiri Education HUB-ın Proqram Meneceri Gülnarə İsmailova giriş sözü ilə açaraq iştirakçıları salamlayıb və İsrailin Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıqda həyata keçirilən "Təsir Günü" haqda məlumat verib. Səfirliyin Missiya Rəhbərinin müavini cənab Doron Pe’er çıxışı zamanı tədbirin vacibliyini vurğulayaraq qeyd edib ki, ilk “Dəyər üçün səhər yeməyi”ndə iştirakdan sonra bu yeni bir konseptdə birgə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər. "Və budur, bu gün biz “Təsir günü” tədbirlərində tərəfdaş olaraq çıxış edirik.”

İsraildən dəvət olunmuş ekspert – IMagine IMpact-in təsisçisi xanım Omri Boral çıxış edərək “Dəyər investisiyası” mövzusunda İsrail təcrübəsini bölüşüb:

“Mən bu gün bura nə isə öyrətməyə deyil, qarşılıqlı şəkildə öyrənməyə gəlmişəm. Bildiyiniz kimi İsrail start-up sahəsində dünyada ən yaxşılardan biridir, həmçinin biz də ölkə olaraq dəyər investisiyası sahəsinə doğru addımlayırıq və bu sahədə qarşılıqlı öyrənmək çox vacibdir.”

BMT-nin Türkiyədəki siyasət mərkəzinin nümayəndəsi xanım İlayda Aydın “Dəyər investisiya ekosisteminin araşdırılması və DİM investisiya xəritəsi” mövzusunda çıxış edərək Türkiyə təcrübəsini bölüşüb və DİM investisiya xəritəsini nümayiş etdirib. O bildirib ki, "Hazırda Azərbaycan üçün də DİM investisiya xəritəsinin hazırlanması üzərində iş gedir və növbəti ildə tədqiqat materialları və tövsiyyələr geniş ictimaiyyətə təqdim olunacaq”.

Amerika Ticarət Platasının icraçı direktoru Gülnarə Aslanbəyli və AccessBank-ın “Marketinq və maraqlı tərəflərin təşviqi şöbəsi”nin rəhbəri Ceyhun Atayev dekabr ayında “Dəyər üçün Əməkdaşlıq” proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə iştirak etdikləri “Dəyər həftəsi”ndən təcrübələrini paylaşıblar.

“Təsir günü” çərçivəsində Azərbaycanda ilk dəfə Sosial Sahibkarlar və start-uplar üçün “Təsir artımı günü” adlı sessiya təşkil edilib. İsrailin Azərbaycandakı Səfirliyi ilə əməkdaşlıqda həyata keçirilən tədbirdə İsraildən dəvət olunmuş ekspert Omri Boral çıxış edib. O tədbirdə iştirak edən 30-a yaxın Sosial Sahibkar və start-up üçün İsrail təcrübəsini bölüşüb və investisiya imkanları barədə məlumat verib. Həmçinin İsrail və Azərbaycan arasında əməkdaşlıq fürsətlərini də açıqlayıb.