“Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” proqramının ilk təlim həftəsi yekunlaşıb.

Təşəbbüs Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd proqramı (Eastern Partnership Civil Society Facility) çərçivəsində həyata keçirilir.

Təhsil sahəsində ixtisaslaşan Education HUB tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda 2023-cü ilin fevral-sentyabr aylarında Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi və İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi ndə “Ucqar bölgələrdə incəsənət alətlərinin tətbiqinin inkişaf etdirilməsi” təşəbbüsünün icrasına başlanılıb.

14 aprel tarixində proqramın rəhbəri Orkhan Masimov İsmayıllı və Qəbələ Dövlət Peşə Təhsili məktəblərində layihə çərçivəsində seçilmiş iştirakçılarla görüşərək onlara layihə fəaliyyəti barədə məlumat verib və ilkin tanışlıq həyata keçirilib.

15 aprel tarixində Qəbələ, 16 aprel tarixində isə İsmayıllı DPTM-də layihə iştirakçıları üçün “Özünü kəşf, Təhsil formaları” adlı ilk təlim baş tutub. Təlim beynəlxalq təlimçi Gulnara AZ tərəfindən keçirilib. Təlim müddətində iştirakçılar özünü kəşf alətləri ilə tanış olub, müxtəlif tapşırıqlar vasitəsilə öz şəxsiyyət tiplərini, səmərəlilik vaxtlarını müəyyən ediblər. Təlimin 2-ci hissəsi təhsilin formaları mövzusuna həsr olunub. İştirakçılar müxtəlif oyun və tapşırıqlar vasitəsilə öz öyrənmə metodlarını müəyyən ediblər.

Təlim müddətində həyata keçirilən müxtəlif tapşırıqlar, enercayzerlər iştirakçıların verilən məlumatı daha tez dərk etmələri üçün effektiv olub.Təlim sessiyalarının 2 ay müddətində davam etdirilməsi nəzərdə tutulub.

Təşəbbüsün əsas məqsədi gəncləri layihələrin idarəolunmasına hazırlamaq və icma layihələri konsepsiyalarının öyrədilməsi, həmçinin incəsənət vasitələrindən istifadə etməklə sosial layihə idarəçiliyinə hazırlamaqdır.