images

12 Noy 2020

“Birlikdə Sən Ol” təşəbbüsü vasitəsi ilə Bakı və Mingəçevirdə yaşayan uşaqlar üçün “Gender əsaslı zorakılıq” adlı onlayn təlim keçirilib

"Education Hub"-ın təşkilatçılığı ilə Azərbaycanda yaşayan gənclər üçün "İnkişaf Zamanı" Proqramı çərçivəsində həyata keçirilən “Birlikdə Sən Ol” təşəbbüsü vasitəsi ilə Bakı və Mingəçevirdə yaşayan uşaqlar üçün “Gender əsaslı zorakılıq” adlı onlayn təlim keçirilib.

Təlimin ilk günü Şəfa Əhmədovanın, Reyhan Əliyevanın və Aynur Şirinlinin təqdimatında baş tutub. Təlimçilər tərəfindən gender,cinsi ayrıseçkilik,stiqma,stereotiplər,zorakılıq,zorakılığın növləri mövzularında məlumatlar verilib,uşaqlar arasında bütün mövzularla bağlı interaktiv müzakirələr aparılıb.Eyni zamanda uşaqlar cəmiyyətdə baş verən problemlərin həlli ilə bağlı öz təkliflərini və fikirlərini bildiriblər.

Təlimin ikinci günü Azərbaycan Gənclər Parlamentinin Baş katibi, təlimçi Asiman Qocayevin təqdimatında baş tutub. Təlimçi tərəfindən zorakılıq anlayışı, stereotiplər, stiqma və gender əsaslı zorakılıq barədə məlumatlar verilib və müzakirələr aparılıb.

Mövzuya əsasən, uşaqlar stereotiplərlə bağlı müxtəlif karikaturalar hazırlayıblar və onlar təlim müddətində göstərilərək müzakirə edilib. Eyni zamanda “Birlikdə Sən Ol” komanda üzvlərinin gender stereotipləri ilə bağlı hazırladığı videoçarx nümayiş etdirilib və videoçarxla bağlı uşaqlar öz təəsüratlarını paylaşıblar. Qeyd edək ki, proqram Mitost Assosiyasının dəstəyilə həyata keçirilir.